Prezident İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

1. Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 (beş milyon otuz min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.